Ukrayna Rusiyanı danışıqlara çağırır

"Avropa Birliyi martın 21-də sammitin keçirilməsinə və Ukrayna ilə assosiasiya sazişinin siyasi hissəsini imzalamağa hazırdır".
 
APA TV-nin xəbərinə görə, bu barədə Ukraynanın baş naziri Arseniy Yatsenyukun hökumətin internet portalında yerləşdirilən bəyanatında deyilir. Bəyanatda bildirilir ki, Yatsenyuk bununla bağlı Avropa Birliyi Şurasının prezidenti Herman van Rompuyla danışıqlar aparıb. Sazişin iqtisadi hissəsi isə bir qədər sonra, əlavə məsləhətləşmələrin aparılmasından sonra imzalanacaq.
 
Bəyanatda Yatsenyuk Rusiyanı danışıqlara qayıtmağa çağırıb: “Biz Rusiyaya əl uzatdıq. Rusiya isə əvəzində bizə qarşı tanklar, artilleriya və silah yeridib. Ümid edirik ki, biz danışıqlar masasına qayıdacağıq”.
 
Ukrayna Ali Radasının sədri, prezident vəzifələrini icra edən Aleksandr Turçinov isə bildirib ki, Rusiyanın qoşunlarını Krıma yeritməsi və sərhəd boyu silahlı qüvvələr cəmləşdirməsi səbəbindən Ukrayna ordusu hazırlıq vəziyyətinə gətirilib. Ukrayna Ordusu vətəni qorumağa qadirdir.
 
Bu arada Xarkovda “Prosvit” mədəniyyət mərkəzinin binasında barrikada quran “Sağ sektor”un fəalları saxlanılıb. Xarkov vilayəti Daxili İşlər orqanlarının rəhbəri Anatoli Dmitriyev sözlərinə görə, saxlanılanlar təxminən 30 nəfərdir. Onların üzərində sənəd olmayıb.
 
Martın 15-ə keçən gecə Ukraynanın Xarkov şəhərində baş verən atışmada 2 nəfər ölüb, 5 nəfər yaralanıb. “İTAR-TASS” -ın məlumatına görə, toqquşmalar Xarkov sakinləri və “Pravıy sektor” təşkilatının üzvləri arasında olub.
 

Müəllif | Apa.Tv
Elvin Bayramlı