Bayram yarmarkalarında qiymətlər bazarlardan bahadır - PARADOKS

Novruz bayramı ərəfəsində paytaxtda bayram yarmarkaları fəaliyyətə başlayıb. Kənd Təsərrüfatı Nazirliyindən bildirilir ki, yarmarkada qiymətlər adi bazar qiymətlərindən bir qədər ucuzdur. Yarmarkanın girişində yazılan qiymətlərə nəzər saldıqda görürük ki, kartofun 70 qəpik, soğanın 50 qəpik, kələmin 60 qəpik, pomidorun 1,40 manat, xiyarın 1,10 manat, mal əti 5 manat, qoyun ətinin 5,50 manata satılması nəzərdə tutulur. Görəsən, yarmarkada real qiymətlər necədir?

 

APA TV-nin çəkiliş qrupu paytaxtın 4 rayonunda təşkil edilən yarmarkalardan Xətai rayonu ərazisindəki yarmarkaya baş çəkib.. Biz yarmarkaya gələndə artıq alış-veriş başlamışdı. Satıcılar mallarını tərifləyir, alıcılar isə qiymətləri bir qədər də aşağı salmaq üçün çalışırdılar. Alıcılarla söhbət zamanı məlum oldu ki, axtardıqları ərzağı yarmarkadan ucuz qiymətə tapa biləcəkləri ümidi ilə bura üz tutsalar da, ümidləri doğrulmayıb. Deyirlər ki, qiymətlər digər bazarlardan fərqlənmir.

 

Alıcılar bildirdilər ki, ətin üzərində qiyməti 5 manat göstərilsə də, buna əməl edən yoxdur. 6 manata satılır.

 

Vətəndaşların narazılığını nəzərə alıb ət satılan piştaxtaya yaxınlaşdıq. Ətin üzərində qiyməti 5 manat göstərilirdi. Ət növbəsinə dayanan alıcılar bizi görüb, şikayət etdilər ki, ətin qiyməti süni artırılaraq, istehlakçılar aldadılır. Satıcılar isə deyilənlərlə razılaşmırlar.

 

Satıcılır elə üzərində yazılan qiymətə satdıqlarını dedilər.

 

Yarmarkanın meyvə-tərəvəz bölümündə də vəziyyət fərqli deyildi. Alma 1,50-2 manata, mandarin 2-3 manata, badımcan 2 manata, kələm isə 80 qəpiyə satılırdı. Soğan-kartofun qiyməti müvafiq olaraq 60 - 70 qəpikdir.

 

Bayram süfrəsində daha çox istifadə edilən qoz və fındığın qiymətində bir qədər enmə müşahidə edilirdi. Qabıqlı qoz və fındıq 3 manat, qoz ləpəsinin qiyməti isə çeşidindən asılı olaraq 8 -10 manat arası dəyişirdi. Şabalıd 5 manata satılırdı.

 

İqtisadiyyat və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə rəhbəri Şahin Nağıyev isə deyir ki, yarmarkada satılan bütün məhsulların təyin edilən qiyməti məhsulun üzərinə vurulub. Eyni məhsulun qiyməti çeşidinə görə dəyişir: "Yarmarkada müxtəlif qiymətə məhsullar var. Bunlar çeşidindən asılıdır. Bazarda qiymətlər tənzimlənmir və malın üzərində qiymətlər qoyulub. Məsələn ətin növündən və çeşidindən asılı olaraq, müxtəlif qiymətə satılır. Çöldə lövhədə minimum qiymət göstərilib".   

 

Bazarda qiymətlərin necə dəyişməsindən asılı olmayaraq, bayramda kefimiz mənfiyə doğru dəyişməsin. Bayramınız mübarək.

 

Müəllif | Apa.Tv