Normadan artıq yük götürən avtomobil sürücülərinə qarşı reydlər
Bu ilin yanvarından Nəqliyyat Nazirliyi ilə Dövlət Yol Polisinin yük maşınlarına qarşı keçirdikləri reydləri davam edir. Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşən 85 saylı Yol İstismarı İdarəsindən APA TV-yə verilən məlumata görə, son iki ayda normadan artıq yük götürərək magistral yola ziyan vuran yüzlərlə nəqliyyat vasitələri sürücüsü qanuna müvafiq olaraq məsuliyyətə cəlb olunublar. Reydlər zamanı qum, çınqıl və digər tikinti materialları ilə normadan artıq yüklənmiş maşınların yollun asfalt örtüyünü dağıtmaqla yanaşı, digər sürücülərin həyatını təhlükə altına aldıqları da müəyyən olunub. Nəzarət tərəzisində çəkilən və normadan artıq yük daşıdığı müəyyən olunan maşınlar cərimə meydançasında saxlanılıb.
85 saylı Yol İstismarı MMC-nin nəzarət şöbəsinin rəisi Rəsul Hümbətovun verdiyi məlumata görə, keçirilən reydlərin gücləndirilməsi müsbət nəticəsini verib.
"Yanvarın ayından başlayan reydlər hələ də davam edir. Nəqliyyat naziri Ziya Məmmədovun tapşırığına əsasən 2014-cü ilin ilk ayından gücləndirilmiş iş rejiminə keçmişik. Aparılan reydlərin nəticəsi olaraq deyə bilərəm ki, magistral yollarda normadan artıq yük daşıyan nəqliyyat vasitələrinin sayı azalıb. Bu da sevindirici haldır”.
Qeyd edək ki, Nəqliyyat Nazirliyinin əməkdaşları Yol Polisi ilə birlikdə keçirdiyi reydlərin məqsədi ölkə yollarında yük avtomobillərinin həddən artıq yüklənməsinin qarşını almaqdır. Yollarda tərəzilərin qoyulmasına baxmayaraq, belə maşınlar hələ də hərəkət edir, qəzalar yaradır və yollara böyük zərər vururlar.