MDB-nin mədəniyyət paytaxtı olan Qəbələdə yekun tədbir keçirilib
2013-cü ildə Qəbələnin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar rayonda keçirilən yekun tədbirlərinin təntənəli bağlanış mərasimi olub. APA TV-nin məlumatına görə, tədbirdə MDB respublikalarının mədəniyyət və incəsənət xadimləri, bir sıra ölkələrin Azərbaycandaki səfirləri, rayon ictimaiyyətinin nümayəndələri və digər nüfuzlu qonaqlar iştirak ediblər. Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev qeyd edib ki, 2013-cü ildə Qəbələyə “MDB-nin mədəniyyət paytaxtı” titulu MDB-yə üzv dövlətlərin humanitar Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun qərarına görə verilib. Bu müddət ərzində Qəbələdə bir sıra beynəlxalq mədəni tədbirlər keçirilib. İcra başçısı Səbuhi Abdullayev Azərbaycanın Rusiyadakı səfiri, MDB ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğluya, Fondun icraçı direktoru Anatoliy İksanova, Qazaxıstanın Almatı şəhərinin mədəniyyət idarəsinin rəis müavini Juldız Ömərbəyova və Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Sultan Rayevə diplomlar təqdim edib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Qəbələnin MDB-nin mədəniyyət paytaxtı missiyasını uğurla yerinə yetirməsindən danışıb.
Tədbirin rəsmi hissəsindən sonra maraqlı konsert proqramı olub. Konsertdə “21-ci əsrin tenorları” art-layihəsi üzvlərinin bir-birindən maraqlı ifaları olub. Sonda
“Qorxma, mən səninləyəm - 1919” bədii filminin nümayişi olub.