Venesiyada İtaliyadan ayrılmaq üçün referendum keçirilir
Venesiya və Verona şəhərlərinin daxil olduğu İtaliyanın Veneto vilayətinin İtaliyanın tərkibindən çıxması ilə bağlı referendum keçirilir. Martın 16-dan 21-nə kimi keçiriləcək referendum zamanı insanlar regionun azad, federal və suveren respublika olması məsələsinə aydınlıq gətirəcəklər. Daha öncədən aparılmış sorğulara əsasən, İtaliyanın şimalındakı əhalinin 64 faizi cənubu dolandırdıqlarını iddia edərək buna etirazlarını ifadə ediblər.
"Venesiya Respublikasının 1100 illik müstəqillik tarixi var. 1866-cı il plebistiti nəticəsində İtaliyaya birləşdirilməyimiz böyük səhv idi. Onun nəticələri saxtalaşdırılmışdı və bu cinayətdir" deyə Veneto vilayətinin azadlığı uğrunda komitənin prezidenti Canluici Buzatto bəyan edib.
Venesiya Respublikası 18-ci əsrin sonlarına kimi azad olub və əsas ticarət yollarına nəzarət edən böyük mərkəz rolunu oynayıb. Respublika Aralıq dənizi və onun hüdudlarında çoxsaylı koloniyalara sahiblik edib. 1797-ci ildə Napoleon Bonopart bu respublikanın sonuncu başçısını da devirərək onu Avstriyaya qatıb. Daha sonra isə 1866-cu il plebistiti ilə bu ərazi İtaliyanın tərkibinə daxil edilib.