Ağasəlim Abdullayevin ailə üzvlərinin ölümündə şübhəli bilinən sürücü saxlanılıb
Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi xalq artisti Ağasəlim Abdullayevin ailəsinin düşdüyü qəza ilə bağlı birgə məlumat yayıb. Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumatda bildirilir ki, martın 15-də saat 00:30 radələrində Suraxanı rayonu, Zığ şossesində Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi VAZ-2106 markalı avtomobillə Mədətov Xalid Mübariz oğlunun idarə etdiyi “Mercedes-Benz G-55” markalı avtomobil toqquşub. Nəticədə “VAZ-2106”da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər. Fakta görə, Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb. Yol nəqliyyat hadisəsinin “Mercedes-Benz G-55” markalı avtomobilin sürücüsü Xalid Mədətov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Sürücü Xalid Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263.1.4-cü maddəsinə tövsif edilib.