Hüseyn Dərya torpağa tapşırıldı - DƏFN MƏRASİMİ

“Üzeyir əmi ilə görüşəndə görmüşdüm atamı. O gün mən tezdən məktəbdən gəlmişdim, anama zəng elədi ki, gəlin, sizi görüm. Sonra biz ata ilə görüşdük, evə qayıtdıq”. Bu sözləri APA TV-yə vəfat etmiş reper Hüseyn Dəryanın oğlu Cahangir deyib.


Oğlu Cahangirlə birlikdə Hüseyn Dəryanı son mənzilə yola salmaq üçün yaxınları, dostları və onu sevənlər gəlib. Reperlə vida mərasimi Yasamalda Hüseyn Dəryanın bacısının evində keçirilib.

Reperi son dəfə görən dostu Süleyman deyir ki, qəza baş verəndən sonra Sabunçu xəstəxanasına çatdırılan Hüseynin vəziyyəti həkimlər tərəfindən ilk əvvəl qənaətbəxş hesab edilsə də, gecə yarısı reperin halı pisləşib: “Həkim gəldi ki, vəziyyəti birdən ağırlaşdı. Dedim, bəs demişdiniz ki, səhər saat 10-da palataya köçürüləcək. Bildirdilər ki, hazırda vəziyyəti gözləniləndən pisdir. Axırda Hüseyn dedi ki, məni əməliyyat edin. Saat 10-da əməliyyata girdi. Girəndə dedi ki, mən öləcəyəm. Yarım saat sonra həkim çıxıb dedi ki, qardaşın öldü”.

Hüseyn Dərya ilə uzun illər aralarında münaqişə olan Anar Nağılbaz da dəfn mərasiminə qatılıb: “Çox istedadlı dostumuzu, istedadlı bir reperi itirdik. O Azərbaycan repinə yeni bir nəfəs, yeni bir üslub gətirdi. Onu sevənlər çox oldu. Ümumilikdə repin inkişafına böyük töhfə verdi”.

Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sevda Məmmədova isə qızı ilə Rusiyadan vətənə elə reper qəzaya düşən saatlarda dönüb. Sevda Məmmədova deyib ki, qızı atasının görüşünə nə qədər tələssə də, təəssüf ki, onu evində görmək balaca Aişəyə nəsib olmayıb: “Biz gəldik xəstəxanaya, dedi ki qızım yanıma gəlsin. Biz Aişəni apardıq yanına. Aişə girdi yanına, dedi ki, ata, gəlmişəm. Əlinə toxundu. Gördük, nəfəs almır. Sonra hiss elədi ki, qızı yanındadır, baxdı və başladı ağır-ağır nəfəs almağa. Həkimlər tez çıxardılar çölə. Dedilər olmaz, vəziyyəti ağırdır. Sonra zəng etdilər ki, keçindi”.

Hüseyn Dəryanın qızı Aişə Muradova deyib ki, atası yaddaşımda həmişə yaxşı insan kimi qalacaq.

Reperin dostu Süleyman Hüseyn Dəryanın son sözlərini xatırladıb: “Son sözü o oldu ki qızıma deyin haqqını halal etsin. Və imamların, Allahın adını çəkib etdiyi günahlara görə bağışlanmasını istədi. Əməliyyata gedə-gedə dedi ki, Süleyman, sağalsam, qurban kəsəcəyəm. Amma əməliyyat otağına girəndə dedi ki, mən öləcəyəm, sağ çıxmayacağam”.

Xatırladaq ki, Hüseyn Dərya martın 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşına çırpıb. Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. O martın 15-də səhər saatlarında dünyasını dəyişib. Reper bu gün Bakıxanov qəsəbəsində yerləşən məzarlıqda torpağa tapşırılıb. Allah rəhmət eləsin!
 

Müəllif | Apa.Tv