93 faizlə Rusiya! Krım tatarları “referendumu” boykot etdi

Ukraynanın Krım Muxtar Respublikasında keçirilən və dünya ölkələri tərəfindən tanınmayan referendumun nəticələri gözlənilən kimi olub. Krımın Sosial və Siyasi Araşdırmalar İnstitutunun keçirdiyi "exit-poll"un nəticələrinə görə, referendumda iştirak edənlərin 93 faizi Rusiyanın tərkibinə daxil olmaqla bağlı təşəbbüsü bəyənib.

Krımla yanaşı, Rusiyanın hərbi dəniz bazasının yerləşdiyi Sevastopolda da referendum keçirilib. Əhalisinin böyük əksəriyyətini ruslar təşkil edən Sevastopol Rusiya üçün Qara dənizdəki ən strateji nöqtələrdən biridir.

"Referendum" dünya tərəfindən tanınmasa da, yol verilən qanun pozuntuları diqqətdən kənarda qalmayıb. Krım Tatar Məclisinin məlumatına görə, əksər bölgələrdə, xüsusilə, Baxçasaray şəhərində seçicilər məntəqələrə avtobuslarla daşınıb və bununla seçici fəallığının artırılmasına cəhd göstərilib. Bundan başqa, referendumun keçirildiyi saatlarda Simferepoldakı parlament və Nazirlər Kabineti də daxil olmaqla bir sıra dövlət binalarının üzərində Rusiya bayraqları asılıb.

Krım tatarları psevdoreferendumu boykot ediblər. Onlar referendumda iştirak etməyiblər.

Referendum başa çatdıqdan sonra Rusiya tərəfdarları Simferepolda bayram etməyə başlayıblar. Şəhərin Lenin meydanına toplaşanlar "Rusiya vətənimizdir" şüarları səsləndiriblər.

Referendum bitəndən sonra Krım küçələrində Rusiya pasportu alan "Berkut" dəstələri və rus əsgərləri təhlükəsizlik tədbirləri görməyə başlayıblar.

 

Müəllif | Apa.Tv