Lənkəran sakini külli miqdarda narkotiklə saxlandı

Lənkəran şəhər sakinindən külli miqdarda narkotik vasitə götürülüb. APA TV-nin Cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 33 yaşlı Xalid İsmayıl oğlu Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı Lənkəran şəhərinin Hacı Zeynalabdin Tağıyev küçəsindəki mənzilə baxış keçirilərkən eyvandakı divanın altında satış məqsədilə saxladığı külli miqdarda narkotik vasitə, o cümlədən 1013,3 qram heroin, 3021,3 qram tiryək, 202,08 qram həşiş qətranı, 1806,5 qram psixotrop maddə olan “Metamfetamin” və 1 ədəd tərəzi aşkarlanaraq götürülüb.

İstintaqa verdiyi ilkin ifadəsində Xalid Hüseynov narkotik vasitəni tanımadığı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, törətdiyi əməlindən peşman olduğunu bildirib.

Qeyd edək ki, saxlanılan Xalid Hüseynovun özü də narkotik aludəçisi olmaqla bərabər, analoji fakta görə əvvəllər 2 il məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv