Saatlı sakinindən marixuana götürülüb
Saatlıda narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılmasında təqsirli bilinən şəxs saxlanılıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış nəticəsində rayon sakini Əliyev İlham Həzrət oğlu şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilən zamanı 125 qramdan artıq marixuana aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, İlham həmin narkotik vasitəni özü hazırlayıb. Belə ki, bir neçə ay əvvəl İlham çöl ərazidə olarkən yabanı halda bitən çətənə koluna rast gəlib. Elə həmin kolu qıraraq ondan kustar üsulla qurudulmuş marixuana hazırlayıb. O, əldə etdiyi narkotik vasitəni çöl ərazidə gizlədib. Martın 10-da həmin narkotik vasitəni götürüb Saatlı şəhərinə gələrkən polis tərəfindən saxlanıb. Adı çəkilən şəxsin əvvəllər məhkum olduğu bildirilir.
Əməllərini etiraf edən ilham Əliyev peşman olduğunu bildirib: “Əvvəldən peşman olmuşam. Mənə lazım olmayan şey idi”.
İlham Əliyev barəsində cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanıb və barəsində Saatlı rayon məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Faktla bağlı əməliyyat istintaq tədbirləri davam etdirilir.