Ağsuda XVI əsrə aid tikili tapılıb
Ağsu şəhərində XVI əsrə aid qədim tikili tapılıb. Ağsu arxeoloji ekspedisiyasının əməkdaşları şəhərin Şıxməzid məhəlləsindəki türbə yerində orta əsrlərə aid geniş tikinti qalıqlarının olduğunu aşkar ediblər. APA TV-nin xəbərinə görə, bina təqribən 400 kvadratmetrə qədər sahəni əhatə edən iri zaldan və nisbətən kiçikölçülü, çoxsaylı otaq-hücrədən ibarətdir.
Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli deyib ki, bina məscid və ya sufi xanəgahlarındanolub: "Bunu tədqiqat göstərəcək. Üst təbəqənin materialları onun 16-17-ci əsrlərə aid olduğunu göstərir".
Tapıntılar içərisində həndəsi və nəbati elementlərlə bəzədilmiş nəfis kaşı nümunələri üstünlük təşkil edir. Memarlıq xüsusiyyətləri, qiblə istiqamətində tikilməsi və digər əlamətləri binanın məscid olması ehtimalını artırır.
AMEA-nın elmi işçisi Elmira Abbasova deyib ki, tədqiqatlar tam başa çatmayıb. İlkin olaraq 16-cı əsrə aid olduğunu demək olar. Sonrakı tədqiqatlar isə tikilinin tarixinin daha qədimə gedib-getməməyini müəyyən edəcək.
Arxeoloqların sözlərinə görə, bu ərazidən aşkarlanan qəbirlərdə insanlar islam qaydası üzrə, yəni sağ çiyini və üzü qibləyə dəfn olunub. Rayonun yaşlı sakinlərinin dediyinə görə, Şıxməzid məhəlləsindəki məscid və türbə ötən əsrin 30-cu illərində sovet rejimi tərəfindən həyata keçirilən yeniliklər çərçivəsində dağıdılıb.