Kürdəmirdə 3 yaşlı uşaq fermanı yandırdı
Kürdəmirdə yanğın hadisəsi baş verib. Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA TV-yə verilən məlumata görə, hadisə Çöhranlı kəndində qeydə alınıb.
Kənd sakini olan fermer 1956-cı il təvəllüdlü Əlvan Qəniyevə məxsus mal-qara fermasında baş verən yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.
Ümumi sahəsi 210 kvadratmetr olan fermanın dam örtüyünün yanar konstruksiyaları, eyni zamanda 185 kvadratmetr sahə yanıb.
Hadisə zamanı fermanın çardağına yığılmış 5 ton ot bağlamasının 3 tonu da yanıb.
Yanğın zamanı fermadan mal-qara xilas edilib, xəsarət alan olmayıb.
Hadisəyə fermada işləyən çobanın 3 yaşlı uşağının nəzarətsiz buraxılması və onun odla ehtiyatsız davranması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.