Mikayıl Cabbarov: “Təhsil sistemində olan problemləri gizlətmirik”
“Mən nazir təyin olunandan onlarla məktəb rəhbəri, direktorlar müxtəlif xarakterli pozuntulara görə işdən azad edilib. Təhsil Nazirliyi tərəfindən məktəblərdə aşkar edilən hər bir mənfi hal və problemə qarşı lazımi tədbirlər görülür".
Bunu APA TV-yə təhsil naziri Mikayıl Cabbarov deyib. O bildirib ki, nazir təyin olunduğu vaxtdan onlarla məktəb rəhbəri, direktorlar müxtəlif xarakterli pozuntulara görə işdən azad edilib: “Təhsil sistemində olan problemləri gizlətmirik. Nailiyyətlərimiz çoxdur, amma problemlərimiz də var. Problemlərlə mübarizə aparırıq və bu işlər gələcəkdə də davam etdiriləcək”.
M. Cabbarov məktəblərdə şagirdlərin qiymətlərinin şişirdilməsi məsələsinə də münasibət bildirib. Nazirin sözlərinə görə, heç bir valideyn övladının qiymətinin şişirdilməsini istəməz. Onun fikrincə, valideynlər bununla övladlarına pislik etmiş olurlar. “Amma Azərbaycanın 4500 dövlət, 50-yə qədər özəl məktəbinin hər hansı birində bu baş verə bilər. Biz bunu inkar etmirik və belə hallara qarşı da mübarizə aparırıq” - deyə nazir əlavə edib.