Rusiyalı deputat: "Krımı iki həftəyə Rusiyaya birləşdirmək mümkündür"


"Krımın Rusiyaya birləşdirilməsi prosesi yaxın vaxtlarda başlanacaq. Bunu qarşıdakı iki həftədə həyata keçirmək mümkündür". Rusiya dövlət dumasının deputatı Vyaçeslav Nikonov belə bir açıqlama ilə çıxış edib. O bildirib ki, bu məsələdə "Ədalətli Rusiya" partiyasının lideri Sergey Mironovun Rusiya Federasiyasının tərkibinə daxil olmaq üçün təklif etdiyi asanlaşdırılmış qanun layihəsi barədə təklifinə vaxt aparmaq lazım deyil. Nikonov deyib ki, Krım hazırda de-fakto müstəqildir və Rusiya bu ərazini Ukraynanın bir hissəsi kimi yox, müstəqil ölkə kimi də tanıya bilər. Bu barədə Kiyev hökumətindən heç bir razılıq almağa da ehtiyac yoxdur. Deputat Krımın Rusiyanın tərkibinə keçmək xahişini 15 gün müddətində gerçəkləşə biləcəyini bildirib. O, Krımdakı referendumun tam qanunauyğun keçirildiyini deyib və nəticələrin qənaətbəxş olduğunu bildirib: "Bu nəticələr onu göstərdi ki, hazırkı qeyri-legitim Ukrayna hakimiyyəti Krım əhalisi üçün nə qədər təhlükəlidir və burada yaşayan rusdilli əhali onların hakimiyyətindən necə narahatdır. Bu insanlar onları gözləyən təhlükələrdən sığortalanmaq üçün bu qərarı verdilər".

Xatırladaq ki, Krımda keçirilən refendurumda əhalinin 95 faizinin Rusiyaya birləşmək istədiyi açıqlanıb. ABŞ, Avropa ölkələri, Kanada və Yaponiya bu nəticəni ciddi qəbul etmir. Bu ölkələr ümumiyyətlə, yarımadada keçirilən referendumu tanımır.
 

Müəllif | Apa.Tv
Apa.tv