Cəbrayıl Xanlarov: "Tikintilərdə ara məsafələr tənzimlənməlidir"
"Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərmanına uyğun olaraq artıq araşdırmalara başlanılıb. APA TV-nin xəbərinə görə, "Sahibkarlığın Azərbaycan iqtisadiyyatdakı rolu: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən tədbirdə çıxış edən İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov bildirib ki, fərmana uyğun olaraq, 8 istiqamətdə ciddi islahatlar aparılacaq.
Sahibkarlıq fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması üçün mühüm addımlar atıldığını deyən Vergilər nazirinin müavini Sahir Məmmədxanov bildirib ki, təkcə 2008-2013-ci illərdə 340 minə yaxın sahibkarlıq subyekti qeydiyyata alınıb. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov isə ölkədə tikinti obyektlərinin istifadəsində problemlərin mövcudluğuna toxunub: "Digər vacib məsələlərlə yanaşı, məcəllədə nəzərdə tutulan əsas məsələlərdən biri də ara məsafələrin tənzimlənməsidir. Həmin sahələrin üzərində yerüstü tikinti obyektilərini inşasına yol verilməməlidir. Diqqətinizə çatdırmaq istəyirəm ki, ara məsafələri ilə bağlı qaydalar işlənib-hazırlanıb. Yaxın bir müddətdə təsdiq olunacaq".
Tədbir çərçivəsində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında Anlaşma Memorandumu imzalanıb.