Novruz Məmmədov: "Həmsədr dövlətlər münaqişənin həllində konkret addımlar ata bilmir"

 

"ATƏT-in Minsk Qrupuna həmsədr olan dövlətlər, eləcə də beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllində konkret addımlar ata bilmir".

APA TV-nin xəbərinə görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, münaqişənin həllinin hüquqi əsasları beynəlxalq təşkilatların qərar və qətnamələrinə söykənir, lakin təəssüf ki, problem hələ də həll olunmamış qalır: "Bizə qarşı dünyada erməni lobbisi fəaliyyət göstərir. Onların təsir dairəsində olan bəzi siyasətçilər, mətbu orqanlar, ictimai qurumlar Azərbaycana qarşı kampaniyalar aparır. Azərbaycan reallıqlarını təhrif etmək üçün uydurmalar, düzgün olmayan məlumatlar, beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizə qarşı qara piarla məşğul olur".

 

Azərbaycanın regionda hərtərəfli lider olan bir ölkəyə çevrildiyini deyən Novruz Məmmədov müstəqilliyin ilk illərində beynəlxalq aləmdən təcrid olunduğunu, erməni lobbisinin səyi nəticəsində informasiya blokadasına salındığını deyib: "Artıq Azərbaycan beynəlxalq siyasi səhnədə adı iştirakçı deyil, beynəlxalq regional layihələrin təşəbbüskarı, tərəfdaşı və öz nüfuzu ilə tanınan ölkədir. Dünyanın ən nüfuzlu beynəlxalq qurumları ilə sıx əməkdaşlıq həyata keçirir. İşğalçılıq siyasətini davam etdirən Ermənistan istisna olmaqla Azərbaycan bütün yaxın qonşuları ilə faydalı qarşılıqlı münasibətlər qurub.

 

Prezident administrasiya rəsmisinin sözlərinə görə, Azərbaycan, eləcə də regionun qarşısında duran əsas maneə isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. 

Müəllif | Apa.Tv