Araz Əzimov: "Bizə qarşı qüvvələr var"

"Beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycanın məcburi köçkünlərinin öz torpaqlarına qayıtması gününü yaxınlaşdırmaq üçün vacibdir".

 

APA TV-nin xəbərinə görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. Onun sözlərinə görə, bu əhalinin taleyinin həlli yalnız onların torpaqlarına qayıtması ilə bağlıdır: "Bu, o demək deyil ki, bu sabah və ya gələn ay həll olunacaq. "Böyük Qayıdış" adlandırdığımız layihə beynəlxalq təşkilatlarda təbliğ edilməlidir.  Onun yerinə yetirilməsi üçün vəsait siyasi və praktik mühit lazımdır. Hazırlıq işləri indidən başlanılıb irəli aparılmalıdır. Həm Ermənistandan, həm də işğal altında olan ərazilərdən qovulmuş həmvətənlilərimiz unudulmamalıdır".

 

Nazir müavini əlavə edib ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq norma və prinsiplərə əsaslanan mövqeyi əksər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir: "Bizə qarşı müəyyən qüvvələr var. Erməni təbliğatı da bu qüvvələrdən biridir. Azərbaycan buna qarşı güclü müqavimət göstərməkdədir. Amma bu proses dayanmır, çünki qarşı tərəf öz fəaliyyətini dayandırmır. Buna görə də Azərbaycan bütün imkanlardan istifadə edib öz mövqeyini düzgün formada çatdırmalıdır".

 

Araz Əzimov Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək prinsipindən  heç vaxt geri çəkilməyəcəyini vurğulayıb.

 

Müəllif | Apa.Tv