Nazim İbrahimov: "Son zamanlar Suriyada döyüşən azərbaycanlılar məsələsini qabardırlar"
"Ərəb dünyasında, MDB məkanında gedən son proseslər onu göstərir ki, artıq yaxın vaxtlarda Azərbaycan beynəlxalq siyasi səhnədə oyunçu kimi fəaliyyət göstərəcək".
APA TV-nin xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov beynəlxalq təşkilatlarda çalışan azərbaycanlıların I toplantısında çıxışı zamanı deyib. Lakin komitə sədri Azərbaycan dünyada heç də olduğu yerə layiq tanınmadığını qeyd edib: "Son zamanlar müsəlman dünyasına qarşı olan kampaniyaya Azərbaycan da qatılır. Suriyada döyüşən azərbaycanlılar məsələsini qabardırlar".
Komitə sədri bu kontekstdə beynəlxalq təşkilatlarda çalışan azərbaycanlıların ölkənin təbliğində böyük rolunun olduğunu diqqətə çatdırıb.
Bakıda Beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısı başlayıb. Tədbirdə BMT sisteminə daxil olan təşkilatlarda, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, Beynəlxalq Miqrasiya Təşkilatı və digər təşkilatların müxtəlif ölkələrdə yerləşən ofislərində işləyən 50-yə yaxın Azərbaycan vətəndaşı iştirak edir.
Tədbirin məqsədi beynəlxalq səviyyədə iş təcrübəsinə malik olan Azərbaycan vətəndaşlarının ölkənin inkişafı prosesində daha da fəal iştirakını təmin etmək məqsədilə onları birləşdirəcək vahid mərkəzin yaradılması və sistemli yanaşmanın formalaşdırılmasından ibarətdir.