"Galenvagen"lə qəza törədən sürücünün atası Mübariz Mədətov işdən çıxarıldı!
Mübariz Mədətov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini vəzifəsindən azad edilib.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb. Mənbə bildirib ki, Azərbaycan prezidenti M. Mədətovu məmur adına yaraşmayan hərəkətlərə yol verdiyinə, məmur etikasına əməl etmədiyinə, övladı ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə vəzifəsindən azad edib.
Qeyd edək ki, martın 15-də Suraxanı rayonunda Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə Mübariz Mədətovun oğlu Xalid Mədətovun idarə etdiyi “Mercedes-Benz G-55” markalı 90-FE-007 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşub.
Nəticədə “VAZ-2106”da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü, xalq artisti Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.
Yol nəqliyyat hadisəsinin Xalid Mədətov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutulub. X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilib.