Müdafiə naziri şəhid əsgərimizi təltif etdi
Müdafiə Nazirliyi cəbhədə şəhid olan əsgərimizlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, martın 17-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq, mövqelərimizi atəşə tutub.
Nəticədə Silahlı Qüvvələrimizin əsgəri Həsənov Elvin Çingiz oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmənin açdığı atəşdən şəhid olub.
APA-nın məlumatına görə, hadisə cəbhənin Füzuli istiqamətində qeydə alınıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri 20 yaşlı Həsənov Elvin Çingiz oğlu düşmən gülləsinə tuş gəlib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə, əsgər Həsənov Elvin Çingiz oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.