Bakıda Novruz şənliyinə hazırlıqlar başlayıb
Bakıda Novruz şənliyinə hazırlıqlar başlayıb. APA TV-nin xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyi Dənizkənarı Milli Parkda Novruz şənliklərinin keçirilməsi üçün bir sıra tədbirlər hazırlayıb. Bakı sakinləri Novruz ərəfəsində mart ayının 19-u saat 10:00-dan başlayaraq, axşam saatlarınadək Bakı Bulvarı ərazisində keçiriləcək müxtəlif bayram tədbirlərinə tamaşa edə biləcəklər.
Bayramın personajları Keçə, Kosa və Bahar qızı da tədbirə qoşulacaq.
Hazırda Dənizkənarı Milli Park ərazisində və İçəri-şəhərdə bayramla əlaqədar hazırlıq işləri gedir. Hazırlıq işlərinə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev özü nəzarət edir. Bayram tədbirləri İçərişəhərdən başlayacaq, Qoşa qala qapısı, Qız qalası və Dənizkənarı Milli Parkda davam edəcək.
Şənliklərdə Azərbaycanın bütün bölgələrindən nümayəndələr iştirak edəcək, adət-ənənələrimiz, Azərbaycan mətbəxinin min cür ləziz təamları nümayiş etdiriləcək. Şənlik mərasimlərində aşıqlar, meyxana ustaları, digər folklor və mədəniyyət-incəsənət nümayəndələri iştirak edəcək.
Tədbirdə Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı və atəşfəşanlıq olacaq.