Prezident İlham Əliyev Şirvanşahlar Sarayı Kompleksində muzey ekspozisiyası ilə tanış olub
Martın 17-də Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyası təqdim edilib. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni ekspozisiya ilə tanış olublar. Bildirilib ki, Şirvanşahlar Sarayı Kompleksində muzey ekspozisiyasının hazırlanması prosesində abidənin tarixi, memarlıq xüsusiyyətləri, saray həyatı və burada yaşamış hökmdarlar haqqında elmi tədqiqatlar aparılıb, müvafiq məlumatlar toplanaraq sistemləşdirilib. Ekspozisiyada videoproyeksiya, animasiyalı multimedia, audio və video təqdimatlardan da geniş istifadə olunub. Bununla yanaşı, Şirvanşahlar Sarayı Kompleksində qonaqlar ilk dəfə multimedia bələdçilərindən də faydalana biləcəklər. Muzeydə, həmçinin saray həyatı, şəhər memarlığı, etnoqrafiya, musiqi, xəttatlıq, arxeologiya kimi maraqlı mövzular da təqdim olunur. Dövlət başçısı və xanımı kompleksin ayrı-ayrı sahələrini gəzib və burada yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, yeni muzey ekspozisiyası, həmçinin Saray Kompleksinin ikimərtəbəli yaşayış binasının əvvəllər bura gələnlər üçün bağlı olan aşağı mərtəbəsini də əhatə edir. Binanın aşağı mərtəbəsinin otaqlarında Şirvanşahların dənizdən müdafiə istehkamına - Bayıl Qəsrinə aid geniş ekspozisiya da təqdim edilir. Bununla yanaşı, muzey ekspozisiyasına hazırlıq mərhələsində Saray Kompleksinə daxil olan yaşayış binasının divarlarının əzəli daş hörgüsü bərpa edilib, ərazidə abadlıq işləri aparılıb.