Səfir: "Krımdakı referendumu və onun nəticələrini tanımırıq"

"Ukrayna Krımdakı referendumu və onun nəticələrini tanımır. Bu, Ukrayna ərazisini zəbt etməyə yönəldilmiş məqsədyönlü siyasətidir".
 

APA TV-nin xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Bakıda mətbuat konfransında deyib: “Biz Ukraynanın əvvəlki iqtidarınının yürütdüyü siyasət sayəsində ərazilərin qoparılmasının şahidi olduq. Şimali Koreya və Suriya istisna olmaqla, dünyanın heç bir ölkəsi Rusiyanın siyasətini dəstəkləmədi”.
 

Aleksandr Mişenko qeyd edib ki, Rusiya mətbuatı Ukraynada milli azlıqların hüquqlarının pozulması ilə bağlı əsassız məlumatlar yaymaqla ictimaiyyəti çaşdırır: "Mətbuatda Ukraynada hazırda vəziyyətin çox təhlükəli olması barədə bir sıra məlumatlar yayılır və bütün bunlar yalandır. Ukraynalıların digər millətlərə qarşı fobiyası yoxdur. Ukraynanın Azərbaycanla həmişə yaxşı münasibətləri olub və Ukraynada azərbaycanlıların hüquqlarının pozulmasına dair heç bir məlumat daxil olmayıb".

Martın 16-da Krımda Muxtar Respublikanın statusunun müyyyənləşdirilməsi üçün referendum keçirilib.
 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı