Sevgilisi ilə savaşan qız özünü binadan atmaq istədi - İNTİHAR CƏHDİ
Bakının Nəsimi rayonunda intihar hadisəsinə cəhd olub. APA TV-nin xəbərinə görə, "28 May" metro stansiyasının yaxınlığındakı çoxmərtəbəli binaya çıxan qadın özünü ordan atmaq istəyib. Ətrafdakılar bu barədə Fövqəladə Hallar Nazirliyinə və polisə məlumat veriblər. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları intihar cəhdinin qarşısını almaq üçün ərazidə təhlükəsizlik yastığı quraşdırıblar. Nazirliyin əməkdaşları eyni zamanda alpinist ləvazimatlarının və müvafiq xilasetmə avadanlıqlarının hazırlanması, vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin ediblər.
Daha sonra xilasedicilər intihar etmək istəyən şəxslə müvafiq psixoloji söhbətlər aparıblar. Aparılmış danışıqlar nəticəsində xilasedicilər tərəfindən intihara cəhdin qarşısı alınıb.
Qadın xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Sahə müvəkkili Nizami Hüseynov bunları deyib: "Hadisə barədə xəbər aldıqdan sonra dərhal olay yerinə gəldik. İntihar etmək istəyən qızla psixoloji söhbət aparıldı. Bizə heç bir reaksiya vermədi. Öyrəndik ki, sevgilisi ilə arasında yaranan problemə görə bu yola əl atıb. Sevgilisini də çağırdıq. Daha sonra aparılan danışıqlar müsbət nəticə verdi və qadını intihar etmək fikrindən daşındırdıq".
Faktla bağlı araşdırma aparılır.