ABŞ və Avropa Birliyi Rusiya rəsmilərinə sanksiya tətbiq etdi

Avropa İttifaqı Krım böhranı ilə əlaqədar Ukrayna və Rusiya vətəndaşlarına sanksiya tətbiq edib. Sanksiyalar siyahısında 21 nəfərin adı var. Ukraynanın ərazi bütövlüyü və suverenliyini pozmaqda ittiham olunan bu şəxslərin Avropa banklarındakı aktivləri dondurulub və onlara Avropa Birliyi ərazisinə daxil olmaq qadağan edilib.

Siyahıda özünü Krımın baş naziri elan etmiş Sergey Aksyonov, Ukrayna Ali Radasının qərarı ilə buraxılmış Krım Ali Radasının rəhbəri Vladimir Konstantinov, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Denis Berezovski, özünün Sevastopolun meri elan etmiş Aleksey Çalıyın adı var. Bundan başqa Rusiya Dövlət Dumasının bir neçə deputatına, Rusiya Silahlı Qüvvələrinin 3 komandanına sanksiya tətbiq ediləcək.

Bundan başqa ABŞ Maliyyə Nazirliyi də Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç, prezident Administrasiyasının keçmiş rəhbəri Viktor Medvedçuk, özünü Krımın baş naziri elan etmiş Sergey Aksyonov və Ukrayna Ali Radasının qərarı ilə buraxılmış Krım Ali Radasının rəhbəri Vladimir Konstantinova qarşı sanksiya tətbiq edib. Sanksiyaya əsasən, həmin şəxslərin ABŞ ərazisindəki aktivləri dondurulub, amerikalılara bu şəxslərlə işgüzar əlaqəyə girmək qadağan edilib. Sanksiyalara əsasən, bu şəxslər Amerikaya səfər edə bilməzlər.

Müəllif | Apa.Tv
Apa.tv