BŞİH: Ayın 27-dək metropolitendə ticarət köşkü qalmayacaq

Bakı şəhərində fəaliyyət göstərən 21 metropoliten stansiyasının 19-da ticarət obyektlərinin söküntüsü tam başa çatıb. Bunu APA TV-yə BŞİH Bakı Şəhər Ticarət və Xidmət departamentinin rəhbəri Əliabbas Bağırov deyib:

"Ayın 27-nə qədər Baki şəhər metropolitendə bir ticarət köşkü belə qalmayacaq".

 

Obyektlərin verilən vaxtdan tez sökülməsinə münasibət bildirən departament rəhbəri qeyd edib ki, bu fikir düzgün anlaşılmayıb, ayın 28-nə kimi bütün işlər yekunlaşmalıdır: "Belə başa düşülməsin ki, ayın 28-nə kimi vaxt verilib. Yəni 28-nə kimi alqı-satqı ilə məşğul ola bilərlər. Ordakı köşkləri ləğv etmişiksə, onların sökülməsi, daşınması, aparılması, orda rahat bir vəziyyətin yaradılması kompleks şəkildə həyata keçirilir. Bu işlər isə ayın 27-nə kimi ancaq yekunlaşar".

 

Satıcıların başqa yerlərə köçürülməsinə gəlincə, artıq onlara 5 ticarət mərkəzi təklif olunub. Hansı ticarət mərkəzində fəaliyyət göstərmək istədikləri isə özlərinin razılığı ilə həyata keçirilib: "Yeni yerlərə köçürülən həmin sahibkarlardan 3 ay yer pulu alınmayacaq. Elə insanlar var ki, ərzaq məhsulu satışı ilə məşğul olmaz istəyir. Onları dərhal "Yaşıl bazar" və ya "Keşlə bazarı"na yönləndiririk. Artıq ora gedənlər var. Biz onlara həm mallarının aparılması üçün nəqliyyatla kömək etmişik ki, o adamlar çox da ziyana düşməsinlər".

 

Qeyd edək ki, metropolitendə  ticarət obyektlərində  1194 nəfər fiziki şəxs fıəaliyyət göstərib.

Müəllif | Apa.Tv
Almaz Qasımova