Yoxa çıxan təyyarə müəmması davam edir
Malayziyaya məxsus təyyarə yoxa çıxandan indiyədək quruda və suda hər hansı bir toqquşma və partlayış olmayıb. APA TV-nin xəbərinə görə, bunu Birləşmiş Millətlər Təşkilatının baş katibinin sözçüsü Stefan Dujarrik bildirib. Onun sözlərinə görə, BMT-nin nüvə silahlarına nəzarət edən qurumu - Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Edilməsi Haqqında Müqavilə Təşkilatı istifadə etdiyi texnologiyalar vasitəsi ilə böyük təyyarələrin toqquşmasını və partlamasını təyin edə bilir. Qurum təyyarə yoxa çıxandan bəri hər hansı toqquşma qeydə almayıb. Bunun təyyarənin qəti sürətdə dənizə düşmədiyi anlamına gəlmədiyini qeyd edən Dujarrik, bu məlumatın təyyarənin axtarılmasında istifadə edilə biləcəyini vurğulayıb.
Malayziya Hava Yollarına məxsus Boeing 777 təyyarəsi 8 mart tarixində Kuala Lampurdan Pekinə gedərkən yoxa çıxıb. Təyyarədə 12 ekipaj olmaqla 239 nəfər, 14 ölkənin vətəndaşı olub.