İdris İsayev: “Qanun işçiyə deyil, işəgötürənə münasibətdə sərtləşdirilib” - MÜSAHİBƏ

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin APA TV-yə müsahibəsi

- Əmək münasibətlərinin tənzimlənməsi sahəsində son dəyişikliklər nədən ibarətdir?
 

- Bildiyiniz kimi, ötən ilin sonlarında Azərbaycan Respublikası Əmək Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklərlə bağlı müvafiq qanunvericilik aktlarına da dəyişikliklər edilib və cənab Prezidentin 2014-cü il fevralın 3-də bu qanunun tətbiqi ilə bağlı fərmanı olub. Bu fərmanla bağlı da aidiyyəti icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib. Əmək Məcəlləsinə edilən dəyişikliyin əsas mahiyyəti ondan ibarətdir ki, ümumiyyətlə əmək qanunvericiliyi sisteminə yeni bir anlayış - əmək müqaviləsi bildirişi anlayışı daxil edilib. Əmək müqaviləsi bildirişi isə əmək müqavilələrinin bağlanması, ona dəyişiklik edilməsi, xitam verilməsi ilə bağlı elektron informasiya sisteminə işəgötürənlər tərəfindən təqdim edilən elektron sənəd formasıdır. Dəyişikliklərdən sonra artıq əmək münasibətləri əmək müqaviləsi bağlandıqdan sonra deyil, bağlanmış əmək müqaviləsi üzrə bildiriş elektron informasiya sistemində qeydiyyata düşdükdən sonra qüvvəyə minəcək. Yəni bu gün işəgötürən işçi ilə əmək müqaviləsi bağlayır. Əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün bu müqavilənin ikitərəfli qaydada imzalanması onu hüquqi qüvvəyə mindirmir. Qanuna edilmiş yeni dəyişiklərə əsasən, mütləq işəgötürən bağlanmış əmək müqaviləsi üzrə bildirişləri elektron informasiya sisteminə daxil etməli və qeydiyyata almalıdır. Qeydiyyata alındığı və bu barədə işəgötürənə məlumat verildiyi tarixdən həmin əmək münasibəti hüquqi qüvvəyə minmiş olur. İşəgötürənlər üzərində artıq öhdəliklər yaranmış olur. Onlar əmək münasibətlərini artıq elektron informasiya sistemi müstəvisinə gətirib çıxarırlar.

- Bu dəyişikliklər işçiyə hansı üstünlüklər verir?
 

- Bu ilk növbədə işləyən əhalimizin əmək hüquqlarının müdafiəsinə kömək edən bir sistem olacaq. Yəni bu sistem ona hədəflənib ki, işçi öz əmək hüquqlarını müdafiə edə bilsin, öz əmək hüquqları barədə məlumatı elektron informasiya sistemindən əldə edə bilsin. Bu gün vəziyyət belədir ki, Əmək Məcəlləsinə görə, işəgötürənlə işçi arasında müqavilə iki nüsxədən ibarət bağlanır və bir nüsxəsi işçidə olmalıdır. Bu adətən belə olmur. İşəgötürən bəzi hallarda qanun pozuntusuna yol verir və işçiyə bu nüsxəni təqdim etmir. Bəzən əmək müqavilələri rəsmiləşdirilərkən boş formada, müəyyən məlumatlar doldurulmadan təsdiq olunur, yarımçıq doldurulur, müəyyən edilmiş qaydada tərtib edilmir və digər hallar baş verir. Bu da sonradan müəyyən fəsadlar yaradır. İşçi ilə müəyyən problem yarandığı təqdirdə işçinin öz hüquqlarını bilmədiyinə və əlində rəsmi sənəd olmadığına görə, o öz hüquqlarını tələb edə bilmir. Beləliklə onun hüququ pozulmuş olur. Amma bu sistem qüvvəyə mindikdən sonra artıq işəgötürənlə işçi arasına bağlanmış əmək müqaviləsi sistemə daxil edilir. İşçi də istənilən vaxt - istər evdə, istər işdə, istərsə də başqa bir yerdə elektron informasiya sisteminə daxil olmaq imkanına malik olacaq və bu məlumatı əldə edə biləcək. Əmək müqaviləsinin hər hansı bir maddəsinin pozulduğu aşkar edildiyi halda onu məlumat sistemindən çıxarıb göstərə biləcək ki, işəgötürən bu öhdəliyi öz üzərinə götürüb. Və bunların icrasını tələb edə biləcək. İkinci hədəf isə işəgötürənlərin məsuliyyətini artırmaqdan ibarətdir. Bayaq qeyd etdiyim kimi, adətən işəgötürənlər qanun pozuntusuna yol verirlər və onlar üzərində olan öhdəliklərin rəsmiləşdirilməsi nöqteyi-nəzərindən bu elektron informasiya sistemi mühüm əhəmiyyət kəsb edir. Onların bu istiqamətdə məsuliyyətlərinin artırılması üçün həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində müvafiq dəyişikliklər edilib. İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə görə, əmək müqaviləsi bildirişini qeydiyyata salmadan əmək fəaliyyətinə cəlb edən vəzifəli şəxs 3000-dən 5000 manata qədər, hüquqi şəxslər isə 20-25 min manata qədər cərimə tətbiq edilir. İşəgötürən əmək müqaviləsi bildirişini hüquqi qüvvəyə mindirmədən xeyli sayda şəxsi işə cəlb edirsə, artıq onun barəsində 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər. Əgər bu hal təkrarlanarsa, bu cəza 3 ildən 7 ilə qədər artırıla bilər.

Gördüyünüz kimi, işəgötürənə münasibətdə qanun sərtləşdirilib. Məsələ ondan ibarətdir ki, əmək münasibətləri rəsmiləşdirilməlidir. Əmək münasibətlərinin rəsmiləşdirilməsi vacib şərtlərdən biridir. Bu gün yaranan bütün problemlər - əhalinin sosial müdafiə hüquqları, əmək hüquqlarının pozulması məhz əmək münasibətlərinin rəsmiləşdirilməməsindən irəli gəlir.

- Bəs, işəgötürənlərin bu sistemdən qazancı nədir?
 

- Biz elektron informasiya sistemini gündəmə gətirərkən proqram təminatını və sistemi elə formada hazırlamışıq ki, işəgötürən üçün də müəyyən problemlər yaranmasın. Elə etmişik ki, o, asanlıqla sistemə daxil ola və əmək müqaviləsi bildirişini qeydiyyata sala bilsin. Bunun üçün Əmək Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Əmək müqaviləsi bağlanarkən tələb olunan məlumatlara işçinin fərdi identifikasiya kodunun (FİN), sosial sığorta şəhadətnaməsinin nömrəsinin daxil edilməsi nəzərdə tutulub. Məqsəd ondan ibarətdir ki işəgötürən sistemə məlumatı daxil edərkən yalnız işçinin FİN kodunun daxil etdikdən sonra məlumatları rəsmiləşdirmiş olsun. İşəgötürən məlumatları sistemə əllə daxil etməyəcək, elektron informasiya sistemində olan məlumatlar digər mərkəzin icra hakimiyyətlərinin elektron informasiya ehtiyatları ilə əlaqəlidir, inteqrasiya olunub. Həm işəgötürən, həm də işçi barədə məlumatlar avtomatik olaraq sistemdə öz əksini tapacaq. Bu işəgötürənin işinin asanlaşdırılması üçündür. Buna çox cüzi vaxt sərf edəcək, məlumatı da dərhal 1 gün ərzində əldə etmək imkanına malik olacaq. Burada məlumatların təhlükəsizliyi məsələləri də nəzərə alınıb. İşəgötürən yalnız özünün bağladığı əmək müqavilələri barədə məlumat əldə etmiş olacaq. Digər şəxs barədə məlumat əldə etmək imkanı yoxdur. İşçi də eyni qaydada, yalnız özünə aid məlumatları sistemdə görə biləcək. Bu sistem şəffaf və işləyən əhalimizin hüquqlarının müdafiəsinə yönəlmiş bir sistem olacaq.

- Əmək kitabçalarının ləğvi nə ilə bağlıdır?
 

- Əmək müqavilələrinin bildirişi üzrə elektron informasiya sistemi qüvvəyə mindikdən sonra artıq kağız daşıyıcılar üzərində olan məlumatların əksəriyyəti öz əhəmiyyətinin itirəcək. Məsələn, əmək kitabçaları işçinin əmək fəaliyyətini əks etdirən bir sənəddir. Bu kitabçada işçinin işə daxil olduğu gün, onun peşəsi, əmək müqaviləsinə xitam verilibsə, onun əsası və işdən çıxdığı qeyd edilir. Bu gün bu iş aparılır. Əlavə məzuniyyətlərin verilməsində, əmək haqqına əlavələrin verilməsində bu məlumatlardan istifadə olunur. Pensiya təminatında da bu məlumatlardan istifadə edilir. Pensiya təminatı sosial hüquqların içərisində ən böyük təminat formasıdır. Bu hüquqların müdafiəsində artıq əmək kitabçalarındakı məlumatlarından istifadə zərurəti yavaş-yavaş azalmağa başlayıb. 2006-cı ildən yeni pensiya sistemi qüvvəyə minib. Bu sistem bütün məlumatların - həm işçinin sığorta stajı barədə məlumatların, onun ödədiyi pensiya kapitalı barədə məlumatların hər bir şəxs üçün mövcud olan elektron informasiya sistemindən alınır. Bu məlumatlar avtomatik olaraq oradan götürülür. 2006-cı ildən əvvəlki dövr üçün də elektron informasiya sistemi mövcuddur. Sosial Müdafiə Fondunun məlumatları orada toplanır. Yəni pensiya təminatı üçün artıq əmək kitabçasında olan məlumatlar tədricən əhəmiyyətini itirir. Əlavə məzuniyyətin və ya əmək haqqına əlavələrin verilməsində istifadə olunur və bunlar da tədricən öz əhəmiyyətini itirəcək. Əmək hüquqlarının müdafiəsi istiqamətində atılmış bu yeni addım bunun əhəmiyyətinin itirəcək. Çünki eyni məlumatlar elektron informasiya sisteminə daxil ediləcək.

Çoxlu insanlar var ki, bugünkü tarixə kimi bir çox yerlərdə işləyib, əmək müqavilələri bağlayıb, ona xitam verilib. Yəni əmək kitabçalarında müxtəlif qeydlər ola bilər ki, bu qeydlər elektron informasiya sistemində qeydiyyata alınmır. Söhbət bugünkü əmək fəaliyyətindən gedir. Yəni şəxs əmək fəaliyyətindədirsə, əmək müqaviləsi aktivdirsə, işəgötürən onun haqqında məlumatları sistemə daxil etməlidir. Söhbət bugünkü işçi və işəgötürəndən gedir. Düşünürəm ki, gələcəkdə ilk dəfə əmək fəaliyyətinə başlamış şəxs üçün əmək kitabçasında olan qeydlər əhəmiyyətini itirir. Əvvəllər əmək fəaliyyətində olmuş şəxs üçün isə öz əhəmiyyətini saxlayır. Proses baş verəcək, amma bu tədricən olacaq.

Statistik məlumatlara görə, təxminən əmək müqaviləsi ilə işləyən 1 milyon 520 min şəxs mövcuddur. Bu şəxslər barədə bu məlumatların elektron sistemə daxil edilməsi böyük bir informasiya ehtiyatı deməkdir. İşləyən hər bir şəxs üçün bu sistem maraqlı məlumat təqdim edə bilər.

- Proses nə zaman başa çatacaq?
 

- Proses daim davam edir. Bilirsiniz, əmək müqaviləsi bu gün bağlanılır, ona dəyişikliklər edilir, xitam verilir. Bu davamlı bir prosesdir. İşçilər də bu gün hər hansı bir işəgötürənin yanında işləyir, sabah onun müqaviləsinə xitam verilir, başqa bir işəgötürəndə işləyirlər. Bu proses daim olaraq fəaliyyətdədir. Qanunvericiliyə görə, qanun qüvvəyə minənə qədər bağlanmış müqavilələr 1 iyul 2014-cü ilə qədər sistemə daxil edilməlidir. Bu, son tarixdir. Əgər bu müddətə kimi əmək müqavilələri bildirişləri sistemə daxil edilməsə, artıq işəgötürənlərə qarşı inzibati cəzaların tətbiqi həyata keçiriləcək.

- Elektron informasiya sisteminə keçməklə əməyin istismarının qarşısı nə dərəcədə alınacaq?
 

- 100 faiz heç bir şey demək mümkün deyil, amma bu elektron informasiya sistemi əmək münasibətləri sahəsində bizə dəqiq uçot verəcək. Biz biləcəyik ki, hansı işçi hansı işəgötürənlə işləyir. Bu imkan verəcək ki, işəgötürən məsuliyyətini artırsın. İşəgötürən biləcək ki, dövlət nəzarətini həyata keçirən orqanlar, xüsusilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi bu işə ciddi nəzarət həyata keçirəcək, Vergilər Nazirliyi bu işə ciddi nəzarət edəcək. Hər iki orqan işəgötürənə münasibətdə inzibati cərimə tətbiq etmək hüququna malikdirlər. Yəni işəgötürənin məsuliyyəti birmənalı şəkildə artacaq.

Müəllif | Apa.Tv
Apa.tv