Tanınmamış "Dnestryanı Respublikası" da Rusiyaya birləşmək istəyir
Tanınmamış "Dnestryanı Respublikası"nın "Ali Soveti" Rusiya Dövlət Dumasına müraciət ünvanlayıb. Dumanın sədri Sergey Narışkinə ünvanlanan müraciətdə Rusiya qanunvericiliyində tanınmamış respublikanın Rusiyaya birləşdirilməsinin mümkünlüyü üçün dəyişikliklər edilməsi istənilib.
Müraciəti ünvanlayan "Ali Sovetin sədri" Mixail Burla bildirib ki, 2006-cı ildə Dnestryanıda keçirilən referendumda əhalinin 97,2 faizi tanınmamış respublikanın Rusiyaya birləşməsinə səs verib. Onun sözlərinə görə, tanınmamış respublikanın rəsmi dövlət dili rus dilidir və hazırda Dnestryanıda 200 mindən çox rus milliyətindən olan şəxs yaşayır.
Qeyd edək ki, artıq Krım referendumdan sonra müstəqilliyini elan edib və Rusiyaya qoşulmaqla bağlı rəsmi müraciət edib. Rusiya prezidenti Vladimir Putin Krımın müstəqilliyinin tanınması barədə fərman imzalayıb.