Ukraynanın baş naziri: “Rusiya xüsusi xidmət orqanları təxribatlar törətməyə çalışır”
Ukraynanın baş naziri Arseniy Yatsenyuk ölkənin cənub və şərq vilayətlərinin əhalisinə müraciət edib. Hökumət başçısı bildirib ki, Rusiya xüsusi xidmət orqanları bu regionlarda təxribatlar törətməyə çalışır. Onun sözlərinə görə, hökumət 2012-ci ildə qəbul olunmuş “Dil haqqında qanun”u qüvvədə saxlamaq qərarına gəlib. Bu qanuna əsasən, rusdilli əhalinin çoxluq təşkil etdiyi vilayətlərdə bu dil de-yure regional, de-fakto isə Ukrayna dili ilə bərabər rəsmi dil statusuna malikdir. Yatsenyuk regionların səlahiyyətlərinin genişləndiriləcəyinə söz verib. Baş nazir martın 21-də Brüsseldə Ukrayna ilə Avropa Birliyi arasında assosiativ sazişin siyasi hissəsinin imzalanacağını bildirib: “Biz Rusiya və Avropa Birliyi ilə əlaqələri “ya bu, ya digəri” prinsipi əsasında qurmuruq. Rusiya Ukraynaya qarşı hərbi təcavüz etsə də, biz nəinki sülhü qorumağa çalışır, həm də bu ölkə ilə dinc qonşuluq münasibəti qurmağa cəhd edirik. Ukraynanın vahidliyini qorumaq üçün NATO-ya üzv olmaq gündəmimizdə deyil. Ölkəmizi güclü və müasir Ukrayna ordusu qoruyacaq”.