Elmar Məmmədyarovdan Ukrayna açıqlaması!

“Azərbaycan Ukraynadakı münaqişənin bu ölkənin konstitusiyası çərçivəsində nizamlanmasına tərəfdardır”.

 

APA TV-nin xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 16-da Krım Muxtar Respublikasında keçirilən referendumun nəticələrini şərh edərkən bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan Ukrayna ilə bağlı mövqeyini dəfələrlə ifadə edib. “Azərbaycan ərazi bütövlüyü məsələlərinə hörmətlə yanaşır. Çünki ölkəmizin özü də təcavüzlə üzləşib və nəticədə Azərbaycan torpaqları işğal olunub”- deyə, nazir bildirib.

 

Xarici siyasət idarəsinin rəhbəri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi ilə bağlı danışarkən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinə Haaqada keçiriləcək növbəti nüvə sammiti çərçivəsində görüşməyi təklif etdiyini bildirib.

 

Görüşün hansı formatda keçiriləcəyinə gəlincə, nazir ona yalnız erməni həmkarı ilə görüşün formatının məlum olduğunu deyib.

 

Qeyd edək ki, nüvə təhlükəsizliyi üzrə növbəti sammit martın 25-26-da Haaqada keçiriləcək.

 

 

Müəllif | Apa.Tv