Güclü külək Göyçaya xeyli ziyan vurub
Güclü külək Göyçay rayonunda ciddi fəsadlara səbəb olub. APA TV-nin yerli bürosunun məlumatına görə, qasırğa nəticəsində Göyçay şəhərində və bütün kəndlərdə elektrik enerjisinin verilişi tamamilə dayanıb. Güclü külək bir çox yerdə ağacları, elektrik, rabitə və gecə işıqlandırma dirəklərini aşırıb, naqillər qırılaraq sıradan çıxıb.
Bir sutka ərzində Göyçay rayonunun 40-a yaxın yaşayış məntəqəsində elektrik və rabitə xidmətinin fəaliyyəti iflic olub, rabitə və internet kəsilib. Bir neçə yerdə iri gövdəli ağaclar tövlələrin, yardımçı tikililərin, sahibkarlıq obyektlərinin üzərinə düşüb. Göyçay şəhərində və kəndlərdə 30-dan çox ağac yıxılıb, yollar müəyyən müddətdə bağlı qalıb, elektrik və rabitə xətləri qırılaraq yerə düşüb. Külək rayon ərazisində 25-ə yaxın evin və yardımçı tikililərin dam örtüyünü qoparıb. İki avtomobilin üstünə ağac və dam örtüyü düşüb, maşınlara ciddi ziyan dəyib.
Dünən günorta saatlarından indiyədək rayonda elektrik enerjisinin verilişi tam dayanıb. Xətlərin bərpası üçün hazırda tədbirlər görülür, evlərin üstünə və küçələrə yıxılan ağaclar kəsilərək ərazidən götürülür, dəyən ziyan hesablanır.