Şirvanda "AVTOŞ"LAR TƏHLÜKƏ SAÇDI

Şirvan şəhərində bir qrup avtoxuliqan silsilə qəzalar törədib. APA TV-nin xəbərinə görə, ilk qəza Şirvan kanalın üzərindən keçən körpüdə baş verib. Şirvan şəhər sakini, 1991-ci il təvəllüdlü Nəhmədov Xalid Məzahir oğlu idarə etdiyi avtomobillə manevrlər edən zaman idarə etməni itirib və beton sədlərə çırpılıb. Avtoş sürücü xəsarət almasa da, zərbənin gücündən irihəcmli beton sədləri dağıdıb.

Bu hadisədən təxminən yarım saat sonra 1992-ci il təvəllüdlü Qasımov Məhərrəm Fəhmin oğlu yüksək sürətlə idarə etdiyi avtomobillə qarşıdan gələn sürücü 1993-cü il təvəllüdlü Cəfərov Məhəmməd Ceyhun oğlunun idarə etdiyi VAZ 2107 markalı avtomobili vuraraq yol kənarındakı piyada dayanacağına çırpılıb. Avtodayanacağı dağıdan avtomobil daha sonra məktəbin dəmir hasarının yanına düşüb. Qəza zamanı iki avtomobil bir-birinin üstünə düşüb. Nəticədə 3 nəfər xəsarət alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.

 

Eyni zamanda daha bir neçə dövlət nömrə nişanı açılmış avtomobil Şirvan şəhərinin küçələrində müxtəlif manevrlər edərək avtoxuliqanlıq edib. Faktla bağlı Şirvan polis şöbəsində araşdırmalar aparılır. Şəhər icra hakimiyyətindən polis idarəsinə avtoxuliqanlarla əlaqədar tədbirlərin görülməsi barədə göstəriş verilib.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı