Vladimir Putin: "Krım həmişə Rusiyanın ayrılmaz hissəsi olub"

"İnsanların şüurunda Krım həmişə Rusiyanın ayrılmaz hissəsi olub".

APA TV-nin xəbərinə görə, bunu Rusiya Federasiya Şurasına müraciətində prezident Vladimir Putin bildirib. Onun sözlərinə görə, 1917-ci ildən sonra bolşeviklər Rusiyanın cənubundakı ərazilərin xeyli hissəsini Ukrayna SSR-nin tərkibinə daxil ediblər. “Bu, yerli sakinlərin milli tərkibi nəzərə alınmadan edilib. Müvafiq qərarı SSRİ-nin o vaxtkı rəhbəri Nikita Xruşşov verib. Bizim üçün vacib odur ki, bu, o vaxtkı qanunların pozulması idi. O vaxt Krımdakı insanları fakt qarşısında qoydular”.

Krım tatarları ilə bağlı məsələyə toxunan Putin qeyd edib ki, tarixboyu onlara qarşı ədalətsiz davranıblar.

Korrupsiyaya qarşı etiraz edən Maydan fəallarını yaxşı anladığını deyən Vladimir Putin Ukraynadakı son hadisələrin arxasında duranların başqa məqsədlər güddüyünü bildirib. Onun sözlərinə görə, bu addımların arxasında faşistlər və rusofoblar dayanıb. Putin qeyd edib ki, Ukraynada legitim hakimiyyət mövcud deyil. “Danışıqlar aparmaq üçün adam da yoxdur. Hətta nazirin qəbuluna düşmək üçün Maydan silahlılarının icazəsi lazımdır. Bu, bu günün reallığıdır”.

 

Sonra Moskvada Krım və Sevastopolun Rusiya Federasiyasına birləşdirilməsinə dair saziş imzalanıb. Sənədə Rusiya prezidenti Vladimir Putin və Krımın Ali Şurasının sədri Vladimir Konstantinov imza atıblar. Müvafiq sənəd Rusiya Federasiyası tərkibində iki yeni subyektin yaradılmasını nəzərdə tutur.

 

Müəllif | Apa.Tv
Apa.tv