ABŞ səfiri: "Ukraynadakı hadisələr Qarabağ münaqişəsinin həllinin vacibliyini göstərir"
"Ukraynada baş verənlər Dağlıq Qarabağ münaqişəsinin niyə həll edilməli olduğunu bir daha göstərir".
APA TV-nin xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib: "Ukraynada baş verənlər Azərbaycan-ABŞ və Azərbaycan-Avropa Birliyi münasibətlərini daha əhəmiyyətli edir. Azərbaycan və Ermənistan Dağlıq Qarabağdakı münaqişənin həlli üçün addımlar atmalı, bununla da regiondakı qeyri-sabitliyi aradan qaldırmalıdır. Bu münaqişənin davam etməsi heç kimə lazım deyil".
Ukraynadakı vəziyyəti şərh edən amerikalı diplomat ABŞ prezidenti və dövlət katibinin Krımla əlaqədar bəyanatlarına əsaslanıb: "Orada baş verənlər çox pis hadisədir və biz müvafiq addımlar atırıq".
ABŞ-ın Azərbaycandakı səfiri ötən həftə Vaşinqtonda keçirilən səfirlərin konfransında dövlət katibi Con Kerri ilə görüşdüyünü və onun Azərbaycana səfər etmək istəyini deyib. Lakin səfərin dəqiq tarixi hələ müəyyənləşməyib.
Azərbaycandan ABŞ-a birbaşa təyyarə reysləri isə bu ilin yayında və ya payızında mümkün olacaq. Səfir ABŞ Federal Aviasiya Agentliyinin Azərbaycan Hava Yollarına ABŞ-a uçuşlar həyata keçirmək üçün sertifikat verdiyini qeyd edib.
ABŞ-ın Azərbaycandakı səfirliyi Novruz bayramı ilə əlaqədar öz əməkdaşları və onların ailə üzvləri üçün tədbir keçirib. Səfir və əməkdaşlar Novruz ənənəsinə uyğun olaraq tonqalın üzərindən tullanıblar.