Ukrayna ordusuna rus hərbçilərinə atəş açmaq səlahiyyəti verildi!

Krım Muxtar Respublikasında ötən gecə atəş səsləri eşidilib. APA TV-nin məlumatına görə, naməlum silahlı şəxslər Simferopolda hərbi bazada ukraynalı hərbi qulluqçunu güllələyiblər. Hərbçi dünyasını dəyişib. Daha bir Ukrayna hərbçisinin isə yaralandığı bildirilir.

Ukrayna Müdafiə Nazirliyi hadisədən sonra Krımdakı hərbi hissələrin şəxsi heyətinə atəş açmaq səlahiyyəti verib.

Son insidenti şərh edən Ukraynanın baş naziri Arseni Yatsenyuk bildirib ki, Ukrayna hərbçilərinə atəşi rus əsgərlər açıblar. O, bölgəyə ABŞ, Böyük Britaniya və Rusiyanın müdafiə nazirlərinin iştirakı ilə dərhal komissiyanın dəvət olunmasını tələb edib.

Rusiya tərəfi isə Krımdakı Ukrayna əsgərlərinə Muxtar Respublikanın ərazisindən çıxmağı təklif edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ukraynalı hərbçilər seçim etməlidirlər. Onlar ya Rusiya ordusunun bir hissəsinə çevriləcək Krım qoşunlarına qoşulmalı, ya da sərbəst şəkildə Krım ərazisini tərk etməlidirlər.

Rusiya prezidentinin sözçüsü xəbərdarlıq edib ki, Moskvada yarımadada hazırlanan təxribatlarla bağlı məlumatlar var.

 

Müəllif | Apa.Tv