Binəqədidə güclü yanğın! Mümkün partlayışın qarşısı alındı!
Ötən gecə Bakının Binəqədi rayonunda avtomobillərin təmiri emalatxanasında yanğın baş verib. APA TV-nin məlumatına görə, hadisə Naxçıvani küçəsində qeydə alınıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 8-ə yaxın yanğınsöndürmə briqadası, eləcə də, təcili tibbi yardım maşınları cəlb edilib.
Yanğının söndürülməsi təxminən 40 dəqiqə çəkib. Yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıblar.
Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov bildirib ki, yanğın nəticəsində ümumi sahəsi təxminən 500 kvadratmetr olan, dam örtüyü taxta konstruksiyalardan ibarət birmərtəbəli tikilinin 300 kvadratmetr sahəsi yanıb. Yanğın zamanı təmirdə olan BMW markalı avtomobilin də qabaq hissəsi yanıb. Avtomobil təmiri müəssisəsinin qalan hissəsi və digər təmir sexləri yanğından mühafizə olunub”.
Yanan avtomobilin sahibi bildirib ki, maşını təmir üçün emalatxanaya təhvil veribmiş. Sexlərdən birində olan avtomobilin vaxtında söndürülməsi və yanğın bölgəsindən uzaqlaşdırılması mümkün partlayışın qarşısını alıb.
Dövlət Yanğından Mühafizə Xidməti yanğının səbəblərini araşdırmağa başlayıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov bildirib ki, yanğının mümkün səbəbləri ilə bağlı artıq ilkin ehtimallar var: “Arxada tonqal yandırıblar. Amma tonqalla hadisə baş verən müəssisə arasındakı məsafədə yanğın yoxdur. Ola bilsin ki, külək nəticəsində dama köz düşüb və yanğın baş verib. Bu, bir ehtimaldır”.
Yanğının dəqiq səbəbi araşdırmalardan sonra məlum olacaq.