“20 Yanvar” metrostansiyasında törədilən terror aktından 20 il keçir

Bakı metrosunun “20 Yanvar” stansiyasında törədilən terror aktından 20 il keçir. 1994-cü il martın 19-da Bakı metropoliteninin “20 Yanvar” stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər isə yaralanıb. Məhkəmə terror aktını Ermənistan xüsusi xidmət orqanlarının hazırladığını, separatçı “Sadval” ləzgi təşkilatının üzvlərinin həyata keçirdiyini sübuta yetirib. “Sadval” separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olub, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi Təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib.

 

APA TV-nin xəbərinə görə, istintaq zamanı müəyyən edilib ki, təxribatçılar təlimata uyğun olaraq, “20 Yanvar” stansiyası ilə yanaşı Bakının “Nizami” kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırıblar. Ancaq terrorçular məqsədlərinə axıra qədər nail ola bilməyiblər. “20 Yanvar” metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilib.

 

Qeyd edeək ki, Azərbaycanın xalq artisti, bəstəkar Rafiq Babayev də metroda törədilən terror aktı zamanı həlak olub.

 

Müəllif | Apa.Tv