Azərbaycan Avropada ən çox silah alan ölkələrdəndir
Azərbaycan Avropada ikinci ən böyük silah idxalçısıdır. APA-nın məlumatına görə, bu barədə Stokholm Sülh problemlərinin araşdırılması institutunun hesabatında deyilir. Sənəddə 2009-2013 və 2004-2008-ci illərdə dünyanın bir sıra bölgələrində silah ixracı və idxalı göstəricilərinin müqayisəli analizi yer alıb. Hesabatda qeyd olunub ki, son 5 ildə Avropada silah idxalı 2004-2008-ci illərlə müqayisədə 25 faiz azalıb. Böyük Britaniya əsas silahların ən iri idxalçısıdır. Bu ölkənin payına Avropanın silah tədarüklərinin 12 faizdən çox hissəsi düşür. İkinci yerdə 12 faizlə Azərbaycan, üçüncü yerdə isə 11 faizlə Yunanıstandır. 2004-2008-ci illərlə müqayisədə 2009-2013-cü illərdə Azərbaycana silah idxalı təxminən 4 dəfə artıb. Hesabata əsasən, son 5 ildə Azərbaycana idxal olunan silahların 80 faizi Rusiyadan alınan silahların üzərinə düşür. Azərbaycan həmçinin, Belarus, Ukrayna, İsrail və Türkiyədən silah idxal edib.
Dünyada ən iri silah ixraca edən ölkələr bunlardır: ABŞ (dünyada silah ixracının 29 faizi), Rusiya (27 faiz), Almaniya (7 faiz), Çin (6 faiz) və Fransa (5 faiz).