Nazir: "Xəzərə məxsus sərvətlərin qorunması ilə bağlı çox problem var"
"Xəzər dənizinə məxsus sərvətlərin qorunması ilə bağlı çoxlu problem var. Bununla bağlı Azərbaycana çox təzyiq göstərilir".
APA TV-nin xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. İnsanlar arasında olduğu kimi, təbiətdə də bir çox xəstəliklərin olduğunu deyən nazir bunlara qarşı kəskin mübarizənin aparılmasının vacib olduğunu vurğulayıb: "Hazırda problem odur ki, Xəzər dənizinin resursları tükənməkdədir. Prezident İlham Əliyev Xəzərin statusu ilə bağlı sammitdə qiymətli balıqların ovlanmasına qadağaların qoyulması ilə bağlı qərarı dəstəklədi. Ancaq təəssüf ki, bununla bağlı Xəzər hövzəsi ölkələri ilə aparılan danışıqlar çox uzanır və hələ də konkret nəticə əldə olunmayıb. Azərbaycan isə birtərəfli qaydada buna riayət edir".
Xəzər dənizinin Azərbaycanın böyük sərvəti olduğunu söyləyən H.Bağırovun fikrincə, bu ölkələr dənizin resurslarından ehtiyatla istifadə olunması qaydalarını qavramalı və bunu başa düşməlidir.
Xəzər dənizində yaşayan bir çox balıq növünün xəstəliklərə tutulması ilə bağlı təhqiqatların aparıldığını deyən nazir bildirib ki, Xəzərin Azərbaycan sektorunda bu, hələlik kütləvi xarakter almayıb.