Azərbaycan prezidenti Novruz şənliyində iştirak edib
Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər. Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər. Milli geyimli uşaqlar Azərbaycan prezidentinə bayram xonçası təqdim edib, dövlət başçısı və xanımını bayram münasibətilə təbrik ediblər. Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb. Dövlət başçısı bayram şənliyində nitq söyləyib. Sonra prezident və xanımı Dənizkənarı Milli Parka gəliblər. Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar. Kosa və Keçəl prezidenti və xanımını bayram münasibətilə təbrik edib, dövlət başçısı ilə yumurta döyüşdürüblər. Sonra dövlət başçısı və xanımı bayram konsertinə baxıblar.
Prezident İlham Əliyev və Mehriban Əliyeva Milli Parkda təşkil edilən “Şərq bazarı”nda nümayiş etdirilən Azərbaycan xalçalarının nümunələri, məhsulların sərgisi ilə tanış olublar. Prezident və xanımı “Bakı-2015” Birinci Avropa Oyunları ilə bağlı təqdimata baxıblar, idmanın müxtəlif növləri üzrə idmançıların çıxışlarını izləyiblər. Novruz şənliklərdə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.