Azərbaycanlı biznesmenin qətlini sifariş verən arvadı, oğlu və dostu tutulub

Azərbaycanda sifarişli qətl və quldurluq cinayətləri törədən 11 nəfərdən ibarət dəstə zərərsizləşdirilib. APA TV-nin xəbərinə görə, dəstə üzvləri Baş Cinayət Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəki şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində yaxalanıb. Polis əməkdaşları ilk öncə Şəki şəhərində anadan olan 53 yaşlı Oruc Şirəliyevin 2013-cü il aprelin 13-də Rusiyanın Nijnıy Novqorod şəhərində qətlə yetirilməsi faktının üstünü açıb. Müəyyənləşib ki, Oruc Şirəliyevin qətlini həyat yoldaşı, 43 yaşlı Sevinc Şirəliyeva, 21 yaşlı oğlu Bürhan Şirəliyev və ailəyə yaxın olan 33 yaşlı Vüsal Mustafayev sifariş verib. Vüsal Mustafayev istintaqa bildirib ki, Rusiyada bizneslə məşğul olan Oruc Şirəliyevlə uzun müddət aralarında ədavət olub. O, həm bu ədavətə son qoymaq, həm də Oruc Şirəliyevin var-dövlətini ələ keçirmək üçün onu öldürmək qərarına gəlib və Elçin adlı "killer" tapır.

 

Plana əsasən, Oruc Şirəliyev öldürüldükdən sonra onun varidatı aralarında bölünməli imiş. Vüsal Mustafayev Oruc Şirəliyevin qətli üçün Elçin Məmmədova 20 min dollar vəd edib.

 

Qətldən sonra Oruc Şirəliyevə məxsus Şəki şəhərindəki ev, marşrut və yük avtobusları özünü kriminal avtoritet kimi qələmə verən 28 yaşlı Rüfət Nurəliyevin vasitəsilə satılaraq pulları bölüşdürülüb.

 

Müəyyənləşib ki, saxlanılan şəxslərin bir hissəsi digər şəxslərlə əlbir olaraq Şəki şəhərində evlərə quldur basqını, Beynəlxalq Bankın bankomat aparatlarını talamağa cəhd və digər bu kimi cinayətlər də həyata keçiriblər.

 

Müəllif | Apa.Tv