Atatürkün vazkeçilməz yeməkləri

Türkiyə Cümhuriyyətinin yaradıcısı və ilk prezidenti, dövlət adamı Atatürk haqqında yazılanlardan belə məlum olur ki, o, az yeməyin tərəfdarı olub. Hətta çıxışlarının birində ziyafətlərdə çox yeməyin qənaətə zidd və sağlamlığa zərərli olduğunu da söyləyib. Onun yeməklə bağlı əməl etdiyi xüsusi qaydaları olub. Səhərlər çay, qəhvə içər, çox yeməz, soyuq ayranla bir dilim çörək yeyərdi. Bəzən bir kasa qatıqla kifayətlənər, sonra südlü qəhvə içərdi. Naharda bir-iki dilim çörək yeyirmiş. Ətsiz quru paxla, plov çox sevdiyi yeməklərdən olub. İçkilərdən ayran və limonadı sevib. Ayranı isə çörək batıraraq yeyirmiş. Süfrədən yarıtox dururmuş. Atatürk üçün axşam yeməyi xüsusi əhəmiyyət daşıyıb. Omleti sevən siyasətçi, xüsusi ilə gecə saatlarında ac olanda pendirli omlet yeyirmiş. Yumurta, ətli təzə bamiyə, qarnıyarıq) badımcan dolması sevdiyi və tez-tez yediyi təamlardan olub. Xüsusi ilə qarnıyarığı plovla qarışdıraraq yeməyi sevib. Enginarı heç vaxt yeməyən Atatürk, xəstəykən enginar yemək istəyib. Hataydan sifariş olunan enginar gələnəcən komaya düşən Mustafa Kamal bu dəfə də enginar yeyə bilməyib. Şirniyyatlarla arası olmayıb. Amma gül mürəbbəsini sevirmiş. Gün ərzində 10-15 fincan qəhvə içən siyasətçi daha çox orta şəkərli qəhvə içirmiş. Spirtli içkilərdən pivə və rakı içsə də, sərxoş olmağı heç xoşlamayıb. Atatürkün sevdiyi yeməklərlə bağlı yazılarda qeyd olunur ki, onun Türkiyənin müxtəlif yerlərində hər bölgəyə uyğun sevdiyi yeməklər olub. Hər dəfə bölgələrə səfər edəndə yerli yeməklərdən yeyirmiş.

 

Müəllif | Apa.Tv
Apa.tv