Ballı nanə hansı vitaminləri əvəz edə bilər? - TƏBABƏT

Ballı nanə çoxillik ot bitkisidir. Bədrənc və ya limonotu kimi də tanınan bitkinin çiçəkləri ağ rəngdə, xırda və ətirlidir. Meyvəsi dörd kiçik qozcuqdan ibarətdir. Bütövlükdə bitki limon iyinə,qurudulmuş yarpaqları isə acı ədviyyəli, bir qədər ağız büzüşdürücü dada malikdir. İyun-iyul aylarında çiçəkləyir və iyul-sentyabr aylarında meyvə verir. Flavonid, efir və piyli yağlar, "C", "B1", "B2" vitaminləri, karotin, aşı maddəsi və aromatik birləşmələrlə zəngindir. Farmokopeyaya daxil olan rəsmi dərman bitkisidir. Praktiki, eksperimental və xalq təbabətində, eləcə də, farmokologiyada və baytarlıqda geniş tətbiq edilir. Bu bitki əsasən ürək-damar, mədə-bağırsaq, revmatizm, dəri, boğaz, qulaq, bronxit və qan xəstəlikləri, habelə nevralgiya, baş və diş ağrıları, irinli yara və xoralar, yanıqlar, bədxassəli şişlər, podaqra, sınıqlar, burxulma və zədələnmə zamanı istifadə olunur. Antioksidant, antibakterial, antifunqal, antivirus, sakitləşdirici, hipotenziv, ödqovucu, hemostatik, damardaraldıcı, ağrıkəsici, işlədici və iltihab proseslərinə qarşı təsirə malikdir.

Müəllif | Apa.Tv
Apa.tv