Öz əsərini oxuya bilməyən Kopernik - MARAQLI

Nikolay Kopernik, polyak astronom, riyaziyyatçı və iqtisadçısı. O, 19 fevral 1473-cü ildə Prussiyanın Torun şəhərində doğulub. Avropa elmi intibahının ən qabaqcıl nümayəndələrindən biri olan Kopernik ondan çox-çox əvvəl yaşamış yunan, hind və islam astronomlarının irəli sürdükləri heliosentrik nəzəriyyələri diqqətlə öyrənib, klassik heliosentrik nəzəriyyələrə bir qədər düzəliş verib və Yerin deyil, Günəşin Günəş sisteminin mərkəzi olması ideyasını irəli sürməklə müasir astronomiya elminin istiqamətini müəyyənləşdirib. Kopernik 30 ildən artıq bir vaxtda ən sadə qurğuların köməyi ilə səma cisimlərini müşahidə edib. Alim mürəkkəb hesablamalar apararaq belə nəticəyə gəlib ki, Yer Günəş ətrafında və eyni zamanda öz oxu ətrafında fırlanır. Özü də Yer planetlərdən ancaq biridir. Günəş sistemində olan planetlərin hamısı Günəş ətrafında fırlanır. Kopernik öz kəşfini uzun illər gizli saxlayır. Çünki yeni təlim onu kilsənin təqibinə məruz qoymaqla yanaşı kütləvi məzəmmət obyektinə də çevirə bilərdi. 1543-cü ildə Kopernik "Göy cisimlərinin fırlanması haqqında" əsərini çap etdirmək qərarına gəlir. Dostları çap olunmuş kitabın bir nüsxəsini gətirib onun əllərinin içərisinə qoyanda alim artıq ölüm ayağında idi. Kopernikin kəşfi elmdə çevriliş yaradıb və xurafata sarsıdıcı zərbə vurub. Bu kitabdakı hipotezlər müasir astronomiya elminin əsası kimi qəbul edilir.

Kopernik 24 may, 1543-cü ildə ölüb. 

Müəllif | Apa.Tv
Apa.tv