Gözləri görməyən musiqiçinin nəğmələri... - REPORTAJ


Bu  həssas barmaqların sahibi öz barmaqlarının alətin dillərində necə gəzişdiyini görmür. Gözlərinin nurunu itirmiş Taleh Rəhimovun valideynləri sonradan onun müalicəsinə nə qədər pul xərcləsələr də, xeyri olmayıb. Taleh deyir ki,  ona Moskvada, Fyodorov adına xəstəxanada deyilər ki, əksinə müalicəsi tam gedib. Bildiriblər ki, 20 yaşı olanda, yenə gəlsin. Həmin vaxt isə məlum hadisələr baş verib, qaçqınlıq düşüb, gedə bilməyib. Elə o vaxtdan bəri gözünün görmədiyi işığı qəlbinin gözüylə musiqidə axtarır. Məcburi köçkün kimi məskunlaşdığı Tərtər rayonunda hamı onu sintezator ustası kimi tanıyır. Talehin musiqi bəstələməyi də var. "Musiqi təhsilim yoxdur. Heç kim öyrətməyib məni. Ən birinci nağaram olub, sonra tar, sonra qarmon və sintezator. Bu alət əcnəbi olsa da, mən öz milli mahnılarımızı ifa edirəm". Taleh həyatın keçməkeşlərindən keçib, sabahı ilə inamla yaşayır. Baxmayaraq ki, sağlamlığının qayıdacağına işıq ucu qədər ümidi yoxdur. "Allahımdan çox razıyam ki, bir tərəfdən məndən gözümü alıb, amma digər tərəfdən mənə musiqi duyumu verib. Ağlım kəsəndən mənim musiqiyə həvəsim olub. Elə ki televizorda musiqi çalınırdı, o zaman mən onu özümdə zümzümə edirdim. Mənim bütün oyuncaqlarım hamısı musiqi alətləri olub. Özümün üç tələbəm var". Ona evlənmək üçün qızı da anası seçib. Oğul-uşaq yiyəsi olub. Üç qızı bir oğlu var Talehin. Övladlarından ikisi onun öz ad günündə dünyaya əkiz gəlib - biri oğlan, biri qız. Toyda-nişanda qazandığı pullar ailəsini dolandırmağa bəs edir. Amma özü demişkən, min bir əziyyət bahasına olsa da, korluq vermir onlara. "Bu alətlə saxlayıram ailəmi. Bəzən heç gəlirim olmur. Bəzən də müştəri ilə danışıram amma dediyi məbləği sonradan vermir". Çətinliklərdən qorxmur. Qorxduğu bircə şey var: Kiməsə möhtac olmaq. İnanır ki, arzuları həyata keçsə, qorxduğu heç vaxt başına gəlməyəcək. "Mən istərdim ki, öz evim olsun heç kimə möhtac olmayım. Heç bir zaman bu cür gözdən əlil olmağıma görə pis olmuram. Əksinə içimdə çox mübariz biriyəm.  Bu Allahın işidir". Həyat yoldaşı Sima Rəhimova deyir ki, Talehlə ailə qurduğuna görə heç vaxt peşman olmayıb. Həyat yoldaşı ən çətin məqamlarda belə, onun əlindən tutur, işlərinə kömək edir. Bax, beləcə ailələrini saxlayırlar. Talehin bir arzusu da var, təzə sintezator almaq. Bu dünyanı bürümüş şər-şəbədəni qovmaq üçün kainata səpiləsi çox nəğməsi var Talehin - sevgi, məhəbbət dolu nəğmələri...

 

Müəllif | Apa.Tv