İslam dini Novruzun hansı adətlərini yolverilməz sayır? - REPORTAJ
Səməni, şəkərbura, paxlava, kosa, keçəl, tonqal mərasimi, papaqatdı Novruz bayramının atributlarıdır. Bu adətlərin tarixi, etnoqrafiyası və əhəmiyyəti hələ də mübahisə mövzusu olaraq qalır. Novruz bayramını milli bayram kimi qeyd etməliyik, yoxsa İslam dininə zidd olduğu üçün bu bayramın inanc və ayinlərini həyata keçirməməliyik?! Folklorşünaslar və etnoqraflar hesab edir ki, Novruz milli bayramdır və özündə hər zaman milli adət ənənələri cəmləşdirib. Buna görə də, onu qədimlərdən bizə gəlib çatdığı kimi qoruyub saxlamalı, gələcək nəsillərə ötürməliyik. Etnoqraf Tahir Şahbazov deyib ki, Novruz tonqalını atəşpərəstliklə bağlamaq düzgün olmazdı. Çünki, atəşpərəstlərin dini inancına görə, od müqəddəs sayılır və insanlar hər zaman odu qoruyub ona sitayiş edirlər. Lakin Novruzu bayram edən əcdadlarımız tonqalın üstündən atılıb ağırlıqlarını oda töküblər. Bu əməl isə atəşpərəstlikdə günah sayılır. Bu məntiqlə etnoqraflar Novruzun tarixinin atəşpərəstlikdən daha qədimlərə, məhz əkinçilik dövrünə gedib çıxdığını deyirlər. "Novruzda icra olunan ayinlərin hər birinin bir ritual mənası var. Məsələn səməni göyərdirlər. Bu yaşıllığa, bolluğa, bərəkətə bir işarədir. Bizim əkinçi babalarımız yazın gəlişini tezləşdirmək üçün əvvəldən evlərində bir balaca sahəyə taxıl səpib onu becərirdilər. Bununla sanki təbiətə təsir etmək istəyirdilər ki, artıq əkin-biçin vaxtıdır. Yumurta boyamaq isə günəşin, odun əlamətidir". Novruzun süfrəsi də fərqlidir. İstər çərşənbələrdə, istərsə də Novruz axşamında milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır. İnanclara görə, çərşənbələrdə və Novruz axşamında tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. Novruz axşamı axır çərşənbədə olduğu kimi niyyət edib qulaq falına çıxırlar. Eşidilən ilk söz niyyətin baş tutub-tutmayacağını aşkar edir. Papaqatma da Novruzun adətlərindədir. Lakin təəssüflə deyə bilərik ki, Novruzun adətlərindən bir çoxu zamanla unudulub və ya mahiyyəti dəyişib. "Yaşaya-yaşaya gəlib bu günə çatan adətlərimiz var ki, papaqatdıdır, tonqaldan atlanmaqdır, axar suyun üzərinə niyyət söyləməkdir. Novruza bir ay qalmışdan başlayırlar bayrama hazırlaşmağa . Çərşənbələr də daha çox bu hazırlığı özündə pillə-pillə cəmləşdirir. Bir ay ərzində evin silinib süpürülməsi, divarların ağardılmasından, köhnə əşyaların yeniləri ilə əvəzlənməsindən və s. Novruza hazırlıq mərhələsində həyata keçirilir. Bu zaman insan özü də daxilən təmizlənir". Novruz dinimizlə ziddiyyət təşkil etməyən bir bayramdır. Milli dəyərlərlə dini dəyərlərin qarşı-qarşıya qoyulmasını düzgün hesab etməyən hacı Şahin Həsənli deyib ki, islam yayıldığı ilk gündən xalqların mədəniyyətini dəstəkləyir. Müəyyən dinlə uzlaşmayan ənənələrdən təmizləmək şərti ilə din o bayramları təsdiq edib. Novruz bayramının ilahi dəyərlərlə uzlaşan bayram olduğunu deyən hacı Şahin onu da bildirib ki, əslində Novruz təbiətin oyanmasını elan edən bir bayramdır. Bu bayramda insanlar bir-birini və ya ölmüş əzizlərinin qəbrini ziyarət edir, küsülülər barışır. Bu kimi müsbət əməllər dində bəyənilir və qəbul edilir. Lakin bir sıra Novruz adətləri, qulaq falına çıxmaq, fala baxmaq, mərc gəlmək dində məqbul sayılmır. "Bir evi dinləmək dini cəhətdən yolverilməz sayılır. Ev insanın qalasıdır və orda özünə aid olan məhrəm şeylərdən danışır. Bunu yad insanların eşitməsi düzgün olmazdı. Eyni zamanda birinin evinin dinlənilməsi etik cəhətdən yolverilməzdir. Amma bir xəbəri eşidib onun xeyrə yozulması qəbul ediləndir. Səhər evdən çıxanda bir səs eşidib onu xeyrə yozuruqsa, o müsbət hal kimi qəbul edilirsə, bu dində yol veriləndir". Novruz bayramında ən geniş yayılan adətlərdən biri olan tonqal qalamağın atəşpərəstliklə heç bir əlaqəsinin olmadığını deyən hacı Şahin bildirib ki, Novruz tonqalının üstündən tullanarkən ona müqəddəs ayin kimi baxılması və oda sitayiş edilməsi dində yol verilməzdir. "Doğrudan da insan inanırsa ki, od onun ağırlığını götürəcək, bu dini cəhətdən yol verilməzdir. Amma adi bir deyim halına gəlibsə və insanlar buna kortəbii şəkildə bir adət kimi əməl edirsə, onda bu günah hesab edilmir. Digər bir tərəfdən "səməni saxla məni" deyimi var, bu deyimin əsasında insanlar inanırsa ki, səməni onları bədliklərdən qoruyacaq bu da yol verilməzdir". Novruzda dirilərlə yanaşı ölülər də yad edilir. İlahiyyatçının fikrincə Novruz axşamı ruhların evlərə qonaq gəlməsi ilə bağlı dində hər hansı bir ayə mövcud deyil. Amma bayramda ölülərin yad edilməsi, onların qəbirlərinin ziyarət olunması, adlarına dualar, surələr oxunması dində məqbul sayılır.