8 günə ərsəyə gələn SƏMƏNİ HALVASI - REPORTAJ
Novruzla bağlı elə şirniyyatlar var ki, hazırlanması çətin olduğundan çox az adam bişirməyə həvəs göstərir. Onlardan biri də xalq arasında səməni halvası kimi tanınan şirniyyat növüdür. Səməni halvasına bəzən suhan halvası və ya İsfahan halvası da deyirlər. Səməni halvasını başqa şirniyyatlardan fərqləndirən xüsusiyyətlərdən biri onun yalnız təbii məhsullardan hazırlanmasıdır. Səməni halvası faydalarına görə Azərbaycan mətbəxinin bir sıra şirniyyatlarını geridə qoyur. İsmayıllının Basqal qəsəbəsində yaşayan halvaçı Cahid Əliyev 10 ildən artıqdır ki, səməni halvası bişirməklə məşğuldur. Babasının sənətini davam etdirən Cahid Əliyev APA TV-yə bildirib ki, Basqal kəndinin pip dolması, qurut, müsəmbə, hərmaşı kimi qədim milli yeməkləri və 300 ildən bəri bişirilən səməni halvası rayona gələn turistlərin böyük marağına səbəb olur: "Hər bişirəndə 10 kilo bişiririk. Çətindir, bir sutkaya əmələ gəlir. Azərbaycanda belə halva bişirən yoxdur. Bizim də atalarımız babalarımız bişirib deyə mən də bişiriəm".
Halvaçı deyir ki, yaxşı bişirilmiş səməni halvası qan dövranını, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır.Onun sözlərinə görə, səməni halvasının maraqlı və çətin bişirilmə texnologiyası var. Halvanı bişirmək üçün yüksək keyfiyyətli, çox da köhnə olmayan buğda tələb olunur. Buğda təmizlənir, yuyulur və ilıq suya qoyulur. 7 günlük səməni yuyulur və ət maşınında çəkilir. Ət maşınında çəkilmiş kütləni tənzif vasitəsilə sıxıb suyunu alırlar. Bu kütlə səməni halvasının bişirilməsində istifadə edilir.
Daha sonra səməni suyunu unla qarışdırıb yoğururlar. Bunun üçün mümkün qədər yekə mis və ya çuqun tava götürülür. Səməni halvası mis tavada ərsin vasitəsilə daim qarışdırılmaqla hazırlanır. Halva yanmasın deyə ara-sıra halvanın altına kərə yağı vurulur. Halvanın bişmə prosesi 8 saatacan çəkə bilər.
Bu halvanı yay fəslindən başqa ilin bütün fəsillərində bişirmək mümkündür. Amma onun hazırlanması çətin proses olduğu üçün səməni halvası yalnız Novruz bayramında bişirilir.