BMT-nin baş katibi Ukraynaya səfər edəcək
BMT-nin baş katibi Pan Gi Mun martın 21-22-də Ukraynada rəsmi səfərdə olacaq. APA TV xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə Xarici İşlər Nazirliyinin İnformasiya siyasəti departamentinin direktoru Yevgeniy Perebıynis məlumat verib. Onun sözlərinə görə, hazırda baş katibin Ukrayna rəhbərliyi ilə görüşlərinin keçirilməsi məsələləri həll edilir.
Səfər zamanı əsas diqqət Rusiyanın Krımla bağlı hərbi təcavüzkar və işğalçılıq siyasəti ətrafında problemlərin həllinə yönələcək".- deyə Nazirlik rəsmisi qeyd edib.
Brifinq zamanı Ukraynanın MDB-yə sədrliyi məsələsinə toxunan Peerebıynis Ukraynanın bu vəzifəni icra etməməsi barədə qərar qəbul etdiyini bildirib. Onun sözlərinə görə, buna səbəb üzv ölkələrin MDB-nin yaradılması barədə müqaviləyə əməl etməmələri olub.
Bu arada Ukrayna baş naziri Arsen Yasenyukun göstərişi ilə Krıma uçan baş nazirin müavini Vitali Yarema və müdafiə naziri İqor Tenyux yarmadaya buraxılmayıblar. Bu barədə məlumat verən Sosial siyasət naziri Lyudmila Denisovanın sözlərinə görə, bu səbəbdən Milli Təhlükəsizlik Şurası təcili toplantı keçirir.