Zaqatalada yol qəzasında 3 nəfər xəsarət alıb

Zaqatalada baş verən yol qəzasında üç nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, yol qəzası Zaqatala-Muğanlı yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Uzunqazmalar kənd sakini Kamal Əmrah oğlu Heydərov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Donbabinə kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Baş vermiş qəza nəticəsində sürücü Kamal Heydərov, avtomobildə olan sərnişinlər Günel Ramiz qızı Şabanova və İranə İlham qızı Dadalova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar. Zaqatala MRX-dan APA TV-yə verilən məlumata görə, qəza nəticəsində xəsarət alanlardan Günel Şabanovanın vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralılar isə xəstəxananın travmatologiya şöbəsinə yerləşdiriliblər, onların vəziyyətləri orta-ağır hesab olunur.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov